Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş - onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.
Aşağıda bu faktların bir qismi göstərilir:
• Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni “həkimləri” tərəfindən çıxarılmış, nəticədə Şövqi şikəst olmuşdur.
• Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkimi” Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur, nəticədə Arzu Hacıyev şikəst olmuşdur və 2003-cü ildə dünyasını dəyişib.
• Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln. rus publuna ailəsinə satmışlar.
• Dadaşova Zəminə Göyüş qızı ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş və onun bədənində çürümə prosesi getmişdir. Hazırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.
• Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbətinlə onun 16 dişini çıxarmışlar.
• Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şirinova Şərqiyyə Rza qızının 8 qızıl dişi mismar kəlbətinlə çəkilmişdir. O, altı ay davamlı işgəncələrə məruz qalmışdır.
• Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Məmmədova Biniş Rəsul qızı və 69 yaşlı İsmayılova Sara Miriş qızı girov götürülüb Xankəndi hərbi hissəsində saxlanılmışdılar. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.
• Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb və sonradan yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidini gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada olan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.
• 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Abbasov Əli Rəsul oğlunu erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
• Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Ağayev Mürvət Fətiş oğlunu döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
• Hərbi əsirlər - Daşdəmirov Novruz Məhəmməd oğlu və Qarayev Namiq Cavanşir oğlunu mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
• Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
• Yaralı vəziyyətdə əsir götürülmüş Məmmədov Əbdüləzim Məcnun oğlunu rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
• Məmmədov Mayıl Məhəmmədəli oğlunun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğa vurulmuşdur.
• Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Hüseynov Cavid Ağa oğlunun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə kislota tökmüşlər.
• Yeddi aylıq Babək İlyasovun anası Afət Mirzəyeva və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələnmişlər. Qəlpələrdən Babəkin sağ gözü yaralanmışdır, lakin buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur.